Dünya mediası Qurban Qurbanovdan yazır
UEFA Konfrans Liqası

Dünya mediası Qurban Qurbanovdan yazır

  • 2022-02-25

Dünyanın məşhur nəşrləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə Bakıdakı matçdakı davranışı barədə yazıb. 

34-cü dəqiqədə cinah ötürməsindən sonra "Qarabağ"ın hücumçusu İbrahima Vadjinin vurduğu qolu baş hakim qeydə alsa da, qonaqlar buna narazılığını sərt şəkildə bildirib. Daha sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Vadjini yanına çağırıb və ondan qolu qaydalar çərçivəsində vurub-vurmadığını soruşub. Vadji isə topu əli ilə qapıdan keçirdiyini etiraf edib. Qurban Qurbanov isə futbolçuya bunu görüşün baş hakiminə bildirməsini deyib. Seneqallı hücumçu baş məşqçisinin dediyi kimi edib. Polşalı referi Bartoş Frankovski bundan sonra qolu ləğv edib.

"The Sun", "Marca" və "RMC Sport" kimi nəşrlər isə Qurban Qurbanovun etdiyi feyr-pley jestindən yazıblar. "The Sun" bu hərəkəti heyrətamiz an kimi təsvir edib. "Marca" yazıb ki, turnirdə VAR olmasa da, Qurbanovun müdaxiləsindən sonra qolun qaydalar çərçivəsində vurulmadığı bildirilib. "RMC Sport" isə Qurbanovun bu dürüstlüyünü təmiz oyun adlandırıb.