"Qarabağ"ın potensial rəqibləri bilindi
UEFA Konfrans Liqası

"Qarabağ"ın potensial rəqibləri bilindi

  • 2021-12-10

Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda "Bazel" 0:3 hesabı ilə uduzaraq H qrupunu 2-ci pillədə başa vuran "Qarabağ"ın turnirin pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Ağdam təmsilçisi bu mərhələdə Avropa Liqasının qrup 3-cüləri olan "Seltik" (Şotlandiya), "Fənərbaxça" (Türkiyə), "Lester" (İngiltərə), "Sparta" (Çexiya), "PSV" (Niderland), "Marsel" (Fransa), "Midtülland" (Danimarka) və  "Rapid" (Avstriya) kimi komandalardan biri ilə qarşılaşacaq. Cütün qalibi 1/8  finala adlayacaq.

16 komandanın iştirakı ilə keçiriləcək pley-offun püşkatma mərasimi dekabrın 13-də təşkil olunacaq. Bu zaman "KL"in qrup 2-ciləri "səpələnmişlər", "AL"in qrup 3-cüləri isə "səpələnməmişlər" səbətində yer alacaqlar. "KL"in qrup ikinciləri cavab görüşlərini evdə keçirəcəklər. 

Pley-offun oyunları isə 2022-ci ilin fevralın 17-si və 24-də keçiriləcək.