Qurban Qurbanovun oyun sonu açıqlamaları
UEFA Konfrans Liqası

Qurban Qurbanovun oyun sonu açıqlamaları

  • 2021-11-05

"Əvvəlcə futbolçularımızı təbrik edirəm. Çox yaxşı komandaya qalib gəldik. Hər iki oyunda meydanda yaxşı mübarizə getdi".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsində səfərdə "Kayrat"a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Qazaxıstan klubuna 2:1 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib: "Dünən də qeyd etmişdim ki, daha yaxşı oynamalıyıq. Qələbə həddindən artıq vacib idi. Hava şəraitinə, meydançın duruma baxmayaraq, futbolçularım çətinliyə dözdü. Biz bu oyunda da müdafiədən oynamadıq. Çalışdıq ki, rəqib üzərində təzyiqi saxlayaq. Bəzi epizodları çıxmaq şərti ilə oyunumuzdan razıyam. Düşünürəm ki, futbolçularım böyük bir zəfər qazandı. "Kayrat"a da uğurlar arzulayıram".

Qurbanov bu oyunda zədələnən Kadi Borgesin durumundan da danışıb: "Durumu elə də pis deyil. Bir az başı gicəllənir. Çünki başından güclü zərbə alıb. Amma çox da ciddi problem olacağını düşünmürəm".
 
O, bütün görüşlərə eyni istək və düşüncə ilə çıxdıqlarını əlavə edib: "Bu gün rəqibi daha çox təzyiq altında saxlamağa çalışdıq. Futbolçularım ancaq bu cür böyüyə bilər. Bunu onlardan tələb edirəm. Müasir futbolda bu amil çox önəmlidir.
 
Komandam bu gün məğlub da olsaydı, belə xarakter göstərsəydi, onlardan razı qalacaqdım. İlk hissədə bizim də çoxlu qol şanslarımız oldu, rəqibin də. Bu da futbolun gözəlliklərindən biridir. Təbii ki, qapımız qarşısında yaradılan qol epizodlarına görə yalnız müdafiəçiləri qınamaq doğru olmaz. Burada rəqib futbolçuların ustalıq səviyyəsini də nəzərə almaq lazımdır. Məsələn, "Kayrat"ın heyətində Vaqner Lav, Xose Kante kimi usta oyunçular var. 90 dəqiqə ərzində futbolçunun bir-iki epizodda rəqib oyunçunu "itirməsi"ni başa düşmək olar. Amma bütövlükdə matçın hər iki hissəsindən razı qaldım".
 
Qurbanov "Qarabağ"ın prezidenti Tahir Gözəlin komandanın Konfrans Liqasında finaladək irəliləyə biləcəyinə dair fikirlərinə də münasibət bildirib: "Klub prezidenti demişdi ki, "Qarabağ"ın finaladək getməsini çox istəyir. Bu gün də komandasına inanır. Qrupun ilk oyununda bildirmişdim ki, hər bir komanda növbəti mərhələyə çıxa bilər. Bizim uğurlarımız davam edir. Daha yaxşı nəticələr qazanmaq üçün gücümüz və istəyimiz var. İstənilən rəqibə qarşı oynamağa hazırıq".
 
"Qarabağ"ın baş məşqçisi bu görüşün keçirdildiyi "Ortalık" stadionunun ot örtüyü barədə də danışıb: "Bu gün bir az donmuşdu. Bəzən top daha sürətli gedirdi. Amma get-gedə futbolçular şəraitə uyğunlaşdılar. Ot örtüyü çox yaxşı idi".
 
Baş məşqçi soyuq havaya baxmayaraq, stadiona toplaşan azarkeşlərə təşəkkür edib: "Matçın sonlarında da bizi alqışladılar. Burada olmaq çox xoş oldu. Biz qardaş xalqıq. Bunu oyun zamanı da hiss etdik. Bizə qarşı isti münasibət göstərdilər. Mən komandamın topa daha çox sahib olmasını xoşlayıram. "Barselona"nın azarkeşiyəm".