Qurban Qurbanovun oyun sonu açıqlamaları
- 2021-10-01
"Mən daha çətin oyun gözləyirdim. Rəqibi qiymətləndirməmək olmaz. Qarşıdakı matçlarda da bu cür çıxış etməliyik".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda Kiprdə "Omoniya"ya 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.
O, əzmkar mübarizəyə görə futbolçularına təşəkkür edib: "Yaxşı mübarizə apardıq. Düzdür, ilk hissədə hesabda geri düşdük. Amma futbolçular sonadək mübarizə apardılar. Rəqibə gələcək oyunlarda uğurlar arzulayıram".
Qurbanovun sözlərinə görə, ilk hissədə də kifayət qədər qol imkanları olub: "Sadəcə, standart vəziyyət zamanı ani diqqətsizlikdən qol buraxdıq. Halbuki oyunçulara daha diqqətli olmağı tapşırmışdıq. İkinci hissədə ruhdan düşmədik, meydana qələbə üçün çıxdıq. İkinci hissə daha sürətli alındı və hücumlarımız kəsərli alındı".