"ÇL"-də 5-ci tura start verilir
- 2021-11-23
Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start veriləcək.
İlk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma keçiriləcək.
E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş "Bavariya" Ukraynada "Dinamo"nun qonağı olacaq. "Barselona" isə İspaniyada "Benfika"nı qəbul edəcək. Kataloniya təmsilçisi qalib gələcəyi halda, qrupdan çıxan 2-ci komanda olacaq.
F qrupunda "Mançester Yunayted"i İspaniyada "Vilyarreal"la qarşılaşacaq. Qrupun digər matçında "Atalanta" İsveçrədə "Yanq Boyz"u sınağa çəkəcək. Əgər "Atalanta" xal itirsə, "Vilyarreal" - "Mançester Yunayted" görüşünün qalibi sona 1 tur qalmış adını növbəti tura yazdıracaq.
G qrupunun lideri "Zaltsburq" Fransada "Lill" ilə üz-üzə gələcək. Qonaqlar rəqibini məğlub edəcəyi təqdirdə, vaxtından əvvəl pley-offa vəsiqə əldə edəcək. "Sevilya" isə evdə "Volfsburq" ilə münasibətlərinə aydınlıq gətirəcək. La Liqa təmsilçisi qrupdan çıxma şanslarını saxlamaq üçün uduzmamalıdır.
H qrupunda "Çelsi" də pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün London klubu evdə Turin təmsilçisinə məğlub olmamalıdır. Qrupun digər oyununda Rusiya "Zenit"i İsveçdə "Malmö" ilə qarşılaşacaq. Sankt-Peterburq klubu qələbə qazanacağı halda, meydan sahiblərinin qrupda qalması rəsmiləşəcək. Qonaqlar isə ən pis halda Avropa Liqasının pley-offunda mübarizə aparmaq hüququ qazanacaq.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
23 noyabr
E qrupu
21:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Bavariya" (Almaniya)
00:00. "Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya)
F qrupu
21:45. "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
00:00. "Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya)
G qrupu
00:00. "Lill" (Fransa) - "Zaltsburq" (Avstriya)
00:00. "Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya)
H qrupu
00:00. "Malmö" (İsveç) - "Zenit" (Rusiya)
00:00. "Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya)
Qeyd edək ki, hələlik "Bavariya" və "Yuventus"la yanaşı, İngiltərənin "Liverpul" və Niderlandın "Ayaks" klublarının da pley-offa adlaması dəqiqləşib.