"Şerif"in qapıçısı "Real" ilə oyunda rekorda imza atdı
- 2021-09-29
Moldovanın "Şerif" komandası Çempionlar Liqasının 2-ci turunda sensasiyalı qələbəyə imza atıb.
Tiraspol təmsilçisi səfərdə "Real"a 2:1 hesabı ilə qalib gələrək qrupda liderliyini möhkəmləndirib (6 xal).
Bu görüşün qəhrəmanlarından biri "Şerif"in qapıçısı Georgios Atanasiadis olub. "AEK"dən icarəyə götürülmüş 28 yaşlı yunan turnirin rekordlarından birini müəyyənləşdirib. "MisterChip" statistik səhifəsi yazır ki, o, 11 seyvə imza atıb. Bu, ÇL tarixində "Real"ın stadionu "Santyaqo Bernabeu"da bir qapıçıya məxsus olan ən yaxşı göstəricidir.
Atanasiadis həmçinin bu görüşün ən yaxşı futbolçusu seçilib. "Real"ın 31 zərbəsindən yalnız biri qapıya daxil olub.
İndiyədək həmin arenada ÇL-də ən çox seyvi "SSKA"dan İqor Akinfeyev və "Milan"dan Dida etmişdi (hərəsi 8 dəfə).