Portuqaliya mundiala vəsiqə qazanmasa, Santuş istefa verəcək
- 2021-11-18
Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş yığmanı pley-off mərhələsi vasitəsilə DÇ-2022-nin final mərhələsinə çıxara bilməyəcəyi təqdirdə, istefa verəcəyini bildirib.
Bu barədə o, "Record"a açıqlamasında deyib: "2014-cü ildə Portuqaliya Futbol Federasiyasına qoşulduğum vaxtdan biz həmişə hər şeyi müzakirə və təhlil etmişik. Biz istənilən şəraitdə danışıqlar aparmışıq. Federasiyamız mənə qarşı çox tələbkardır. Mən də özümə qarşı eləyəm.
Dünən biz Portuqaliya millisindəki hazırkı vəziyyətə baxışımızdan danışdıq və başa düşdük ki, dünya çempionatının pley-off mərhələsində komanda ilə işləməyə davam etməli olan şəxs mənəm.
Serbiyaya məğlubiyyətdən sonra istefam barədə danışmadıq. Mən bu haqda heç düşünmürdüm. 2014-cü ildə söz verdim ki, məqsədimə çata bilməyəndə gedəcəyəm. Hələ heç bir turniri buraxmamışıq. Biz həmişə hədəflər qoymuşuq və onlara nail olmuşuq.
Portuqaliya DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanmasa nə olacaq? Bu, baş verməyəcək. Ancaq baş versə, istefaya verəcəyəm".