"Oyunçularım özlərini qınamamalıdır, mən cavabdehəm"
- 2021-07-12
"Çox məyusuq. Oyunçular bacardıqları hər şeyi etdilər. Sözün əsl mənasında hər zamankı kimi çalışdılar. Rəqib də çox yaxşı oynadı".
Bu sözləri İngiltərə millisinini baş məşqçisi Qaret Sautgeyt Avro-2020-nin finalında İtaliyaya uduzduqları matç (əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası - 2:3) barədə danışarkən deyib. O, görüşdən sonra keçirilən mətbuat konfransında məyusluğunu belə ifadə edib:
"Bəzən topu özümüzdə yaxşı saxlaya bilmədik. Xüsusən də ikinci hissənin əvvəllərində. Ancaq futbolçular bu oyuna görə cəza ala bilməzlər. Onlarla işləmək çox xoşdur. Bu gün paltardəyişmə otağında inanılmaz dərəcədə məyusluq yaşadıq".
Sautgeyt penaltilər seriyasında zəif çıxış etmələri barədə deyib: "Buna görə mən cavabdehəm. Məşq vaxtı penaltilər üzərində çalışanları seçdim. Biz indiyədək komanda şəklində qalib gəlmişik və bu gün hamımız birgə uduzmuşuq. Ancaq penalti məsələsinə gəldikdə, bu mənim seçimimdir, tamamilə özümə aiddir. Yaxşı hazırlaşmışdıq və oyuna möhtəşəm başladıq. Amma təəssüf ki, zərbələri qola çevirə bilmədik. Futbolçular isə daha çoxunu edə bilmədikləri üçün özlərini qınamamalıdır".