Kasper Hyulmandın oyun sonu açıqlamaları
- 2021-07-08
“Əlbəttə ki, finalın bir addımlığında mübarizəni dayandırdığımız üçün çox məyus olduq. Ancaq matç zamanı müxtəlif vəziyyətlər qələbə qazanmağımıza mane oldu”.
UEFA-nın saytına əsasən, bu sözləri Danimarka millisinin baş məşqçisi Kasper Hyulmand Avro-2020-nin yarımfinalında İngiltərəyə uduzduqları görüşdən (1:2) sonra deyib:
O, futbolçularının inanılmaz iş gördüyünü vurğulayıb: "Lakin rəqib çox güclüdür. Gözəl futbol oynayırlar. Biz də hücum etdik, qol vurduq və əsl gücümüzü göstərdik. Futbolçular həm meydanda, həm də meydandan kənarda əllərindən gələni etdilər. Çiyin-çiyinə dayandıq, sona qədər mübarizə apardıq. İndi isə çox məyusuq. Ancaq düşünürəm ki, tezliklə kənardan baxıb deyəcəyik: “Biz bunu sınadıq və yenidən bacara biləcəyimizə əminik”.
Qeyd edək ki, Danimarkanı məğlub edən İngiltərə finalda iyulun 11-i İtaliya ilə qarşılaşacaq.