"Bu oyunçular mübarizədən belə kənarlaşdırılmağa layiq deyil"
- 2021-07-03
"Bu, böyük məyusluq, dərin kədərdir. Bu oyunçular mübarizədən belə kənarlaşdırılmağa layiq deyil".
UEFA-nın saytına əsasən, bu sözləri Belçika millisinin baş məşqçisi Roberto Martines Avro-2020-nin 1/4 finalında İtaliyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.
"Rəqibi qeyd edəcəyəm. İtaliya birinci hissədə oyun şərtlərinə daha yaxşı uyğunlaşdı. Əks-hücumlarda onlara təhlükə yarada bilərdik. İkinci hissədə daha gərgin oynadıq və bərabərlik şansları yaratdıq. İkinci qol bizə yaxşı təkan verərdi. Ancaq heç kimi günahlandıra bilmərəm" - deyə o bildirib.
R.Martines milli komandada qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Bu, çətin sualdır, turnirlə vidalaşdığımız üçün məyus oldum. Duyğular haqqında danışmaq istəmirəm. Oyundan sonra bu kimi sualları müzakirə etmək hələ tezdir".