"İspaniya bizimlə qarşılaşmaqdan məmnun deyil" - Zlatko Daliç
- 2021-06-27
"İspaniya Slovakiya ilə matçda gücünü göstərdi. Gənc, sürətli, enerjili komandaya sahibdirlər. Çox ötürmə ilə oyunlarını yüksək təzyiq altında qururlar. Ancaq bizim də güclü tərəflərimiz var. Onlar üçün də asan olmayacaq. Biz rəqibimizlə rəqabət edə bilərik. Hücumun ən yaxşı müdafiə ola biləcəyini unutmamalıyıq".
UEFA-nın saytına əsasən, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Avro-2020-nin 1/8 finalında İspaniya ilə oyun öncəsi deyib.
O, rəqibə hörmət etdiklərini bildirib: "Hər kəsə hörmət edirik, xüsusilə də sabahkı rəqibimizə. Yaxşı komandamızın olduğunu bilirlər və bizimlə qarşılaşmaqdan məmnun deyillər. Məqsədimiz 1/4 finala çıxmaqdır".
Daliç koronavirus səbəbindən İspaniya ilə görüşü buraxacaq İvan Perişiç haqda da danışıb: "Perişiçi əvəzləmək çətin olacaq. Ancaq layiqli oyunçularımız var və əminəm ki, kim meydançaya çıxsa, komandanın yaxşılığı üçün var gücü ilə mübarizə aparacaq. Kimsə Perişiçi tamamilə əvəz edə bilərmi? Buna şübhə edirəm. Ancaq sol qanad mövqeyi üçün yaxşı oyunçu seçimimiz var, buna görə yaxşı bir həll tapacağıq".
Qeyd edək ki, sabah keçiriləcək Xorvatiya - İspaniya qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.