Almaniya millisi Avro-2020-nin 1/8 finalında İngiltərə ilə matç öncəsi "Uembli" stadionundakı məşqə çıxa bilməyib.Bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Lev Yens Qrittner açıqlama verib. Sözügedən arenada bu gün İtaliya - Avstriya matçı da oynanılacaq. Həmçinin İngiltərə yığması son 10 gün ərzində bu stadionda 3 matç keçirib. Qrittnerin sözlərinə görə yığmanın baş məşqçisi Yoahim Löv matçın oynanılacağı arenada məşq keçirməyi planlaşdırıb, lakin UEFA nümayəndəsi meydanı yükləməmək üçün hazırlığı ləğv edib:
"Həqiqətən də orada məşq etmək istəyərdik. Orada məşq etməyəcəyimiz xoşagəlməz xəbərdir. Çünki "Uembli" xüsusi stadiondur".
Qeyd edək ki, İngiltərə - Almaniya oyunu iyunun 29-u, Bakı vaxtı ilə 20:00-da başlayacaq.