Dünyanın ən tez vurulan qollarından biri
- 2021-11-17
"DÇ-2022"nin seçmə mərhələsində Panama - Salvador matçında (1:2) dünyanın ən tez qollarından biri vurulub.
Bu dəfə Salvador yığmasının futbolçusu Xayro Enrikes tarixə düşməyi bacarıb. 28 yaşlı yarımmüdafiəçi 12-ci saniyədə hesabı açıb və mundialların seçmə matçlarında ən tez üçüncü qola imza atıb.
Bu, həmçinin Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) təsnifat mərhələlərində vurulmuş ən erkən qol olub.
Qeyd edək ki, bu göstəricidə rekord Kristian Bentekeyə (Belçika) məxsusdur. 31 yaşlı hücumçu 2016-cı ildə DÇ-2018-in seçmə mərhələsində Cəbəllütariqlə matçda (6:0) 8-ci saniyədə fərqlənib. San Marino millisinin sabiq üzvü Davide Qualtyeri isə 1993-cu ildə İngiltərəyə 1:7 hesabı ilə uduzduqları matçın 9-cu saniyəsində qol vurub.