İspaniya və Portuqaliyadan DÇ-2030 üçün namizədlik
- 2021-06-03
Portuqaliya və İspaniya 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi üçün namizədliyini irəli sürəcək.
Bu barədə hər iki ölkənin futbol federasiyası açıqlama yayıb. Sabah Madriddəki “Vanda Metropalitano” stadionunda Portuqaliya və İspaniya arasında keçiriləcək yoldaşlıq görüşündən sonra həmin ölkələr DÇ-2030-a ortaq ev sahibliyi etmək üçün namizədliklərini rəsmən irəli sürəcəklər.
İspaniya Futbol Federasiyası (RFEF) prezidenti Luis Rubiales və Portuqaliya Futbol Federasiyası (FPF) prezidenti Fernando Qomeş iki ölkənin rəhbərliyinin dəstəyi ilə keçən ilin oktyabr ayında son üç ildə gündəmdə olan namizədlik təşəbbüsü üçün bir protokol imzalayıblar. Sənədə əsasən, DÇ-2030-un final matçı Madriddəki “Santiaqo Bernabeu” stadionunda oynanılmalıdır.
Mundiala ev sahibliyi etmək üçün İspaniya və Portuqaliyadan başqa Mərakeş, Fil Dişi Sahili, Argentina, Paraqvay, Çili də namizədliyini təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, İspaniya 1982-ci ildə keçirilən dünya çempionatının təşkilatçısı olub. Portuqaliya isə indiyədək planetin ən böyük futbol yarışına ev sahibliyi etməyib.