İngiltərə futbolunda baş zərbələri limitlənəcək
- 2021-07-29
İngiltərə futbolu yeni sezon üçün instruksiyalar hazırlayır və baş zərbələrinin limitlənməsi əsas məqsəddir.
İngilis futbolunun bütün səviyyələri - FA, PL, EFL, PFA və LMA beyin travması risklərini azaltmaq üçün nizamnamənin qəbuluna birgə razılıq bildiriblər. Yeni instruksiyalar oynun qaydalarına təsir etməyəcək, əsasən, məşqlərdə baş zərbələrinin düzgün yerinə yetirilməsinə fokuslanacaq.
Nizamnaməyə görə, professional klublar "yüksək təzyiqli baş zərbələrini" - 35 metrdən uzun ötürmələr, kornerlər və sərbəst vuruşların başla qarşılanmasını bir məşq həftəsində 10 dəfədən artıq yerinə yetirə bilməzlər.
Bundan əlavə, daha az təzyiqli baş zərbələri texnikasını inkişaf etdirmək üçün klublara qaydalar toplusu göndəriləcək. Bu qaydalara topun baş istiqamətinə ayaqla deyil, əllə atılması və oyunçuların qaçıb tullanaraq yox, dayandıqları mövqedə başla zərbə vurmaq imkanları aiddir.
Bir daha qeyd edək ki, bu qaydaların heç biri matç günlərinə şamil olunmayacaq.