Qvardiolanın oyun sonu açıqlamaları
- 2022-04-11
"Oyun üslubumuzdan çox razıyam. İlk hissədə yaxşı oynadıq, ikinci hissədə 10 dəqiqə bizim üçün çətin oldu,. Komandanın qol buraxması normaldır. Bu, keyfiyyətli rəqibdir, onlar çoxlu hücum edir. Amma biz də özümüzü yaxşı tərəfdən göstərdik".
Bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 32-ci turunda "Liverpul"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
"Liverpul"un azarkeşləri və futbolsevərlər bu matçdan həzz aldı. Bu, Premyer Liqanın ən yaxşı reklamıdır. Oyunçular Premyer Liqanı yaxşı işıqda göstərdilər" - deyə o bildirib.
Qvardiola Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp haqda da danışıb: "Yurgenin mənə hörmət edib-etmədiyini bilmirəm. Amma Yurgen bilməlidir ki, mən ona çox hörmət edirəm. O, məni yaxşılaşdırdı.
Onun komandası həmişə aqressivdir. Biz dost deyilik və heç vaxt bir-birimizlə görüşmürük. Kloppun nömrəsi məndə var, amma zəng etmirəm. Mən ona hörmət edirəm. Ancaq o bilir ki, gələn şənbə onu məğlub etməyə çalışacağam".
Qeyd edək ki, aprelin 16-da İngiltərə kubokunun yarımfinalında "Mançester Siti" və "Liverpul" komandaları qarşılaşacaq.