Kai Haverts - tanımadığımız kimi
- 2021-08-01
Almaniya millisinin və Çelsinin mahir oyunçusu Haverts ayağına top dəydikdə meydanda möcüzələr yaradır. Bəs, görəsən, o, yaşıl meydanlardan kənarda necə birisidir?
Kai Havertsin ailəsi Almaniyanın Aaxen şəhərində ferma evində yaşadığından, uşaq vaxtından onun heyvanlara qarşı böyük sevgisi yaranıb. Fermada ailəsi it, dovşan, pişik və at saxlayırdı və balaca Kai onların əhatəsində böyüyüb. Lakin bir heyvan növü var ki, Kai ona qarşı xüsusi sevgi bəsləyir. 12 yaşında ona hədiyyə edilən uzunqulaq Kainin ən çox diqqət göstərdiyi heyvana çevrilir. Hal-hazırda fermada futbolçunun 4 uzunqulağı var. "Mən heyvanlara kömək etmək üçün əlimdən gələni edirəm. Hələ uşaq yaşlarımdan ən sevimli heyvanım uzunqulaq olub. Bir gün uzunqulağımın olacağını həmişə arzulamışam. Mən onları sirklərdən və qəssablardan qoruyanda özümü xoşbəxt hiss edirəm. Heyvanlar bu dünya üçün vacibdirlər və mən onların yaxşı həyat yaşamaqlarını istəyirəm",bu sözləri, Haverts, Daily Starın yaydığı müsahibədə deyib.
22 yaşlı Kai, həmçinin, istedadlı piano ifaçısıdır. O, inanır ki, pianoda çalmaq onun beynini dincəldir və düşünmə qabiliyyətini inkişaf etdirir. Deyilənə görə, Kai, klubun kollektiv yemək axşamlarında və partilərdə dəfələrlə piano çalıb. "Mənim boş vaxtım olan kimi musiqi dinləyirəm. Düşünürəm ki, futboldan kənarda nə isə səni sakitləşdirən bir işlə məşğul olmalısan, ona görə də, hər hansı musiqi alətini öyrənməyi qərara aldım. Piano bunun üçün əla seçimdir", Haverts, bundesliga.com-a verdiyi müsahibədə qeyd edir.
Kai Haverts, futbol karyerasındakı bütün uğurlarına rəğmən, təhsilinə də böyük önəm vermişdir. Hətta imtahan verməli olduğu üçün, Haverts, Çempionlar Liqasının pley-offunda Bayer Leverkuzenin Atletiko Madridlə oynunu qaçırmışdı. Hazırda təhsilinə kifayət qədər vaxt ayıra bilməsə də, alman futbolçu, coğrafiya və riyaziyyat fənlərini çox yaxşı bilir və məktəbdə onlardan ən yüksək qiymətləri alırdı.
Bundesliga.com-un yazdığı kimi: "Kai Haverts həm yaşıl meydanda, həm də ondan kənarda musiqi yazır. Onun bacaramayacağı daha nə ola bilər ki?".