“Barselona”dan İsrail klubuna şok cavab
Digər

“Barselona”dan İsrail klubuna şok cavab

  • 2021-07-16

“Barselona” İsrailin “Beytar” klubu ilə Yerusəlim (Qüds) şəhərində yoxlama görüşü keçirməkdən imtina edib.

Bu haqda İsrail mətbuatı məlumat yayıb. Bu görüşün avqustun 4-də keçirilməsi nəzərdə tutulsa da, İsraillə Fələstin arasındakı siyasi gərginlik səbəbindən oyun baş tutmayacaq.

“Beytar”ın (Yerusəlim) sahibi Moje Xoqeq özünün Feysbuk səhifəsində yazıb: “İmzalanması üçün mənə təqdim olunan müqaviləni görəndə orada qəbulolunmaz şərtə rast gəldim. Orada qeyd edilmişdi ki, oyun bizim paytaxtımız Yerusəlimdə keçirilməməlidir. Digər tələblər də vardı ki, bunları ürəkağrısı ilə oxudum. Bir müddət fikirləşdikdən sonra qərara gəldim ki, mən ilk növbədə qürurlü yəhudi və israilliyəm. Yerusəlimi sata bilmərəm”.

Yerusəlim (Qüds) meri Moşe Lion isə bildirib ki, oyunun keçirilməsi üçün onların şəhərini blok edən komandanın, ümumiyyətlə, İsrailə gəlişinə qadağa qoyulmalıdır.
 
“Barselona” klubundan isə bildirilib ki, bu oyunun keçirilməsi üçün heç vaxt təkid etməyiblər. Daha öncə Fələstin Futbol Assosiasiyası “Barselona” klubuna məktub ünvanlayaraq görüşün Yerusəlimdə (Qüdsdə) keçirilməsinə etiraz edib.

“Beytar” İsraildə yeganə klubdur ki, tarixi ərzində heyətinə ərəb futbolçu cəlb etməyib.