Bəzi oyunçular Sautqeytin bu qərarına təəccübləniblər
- 2021-07-13
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytin Avro-2020-nin finalında İtaliya ilə matçda (əsas və əlavə vaxt – 1:1, penaltilər seriyası – 2:3) penalti seriyasındakı qərarlarının təfərrüatları məlum olub.
Sautqeytin seçdiyi oyunçulardan Bukayo Saka, Markus Reşford və Ceydon Sanço penaltini dəqiq yerinə yetirə bilməyiblər. “Daily Mail”in yaydığı məlumata görə isə ingiltərəli bəzi oyunçular Sakanın görüşdə 5-ci penaltini yerinə yetirməsi qərarına təəccübləniblər. 19 yaşlı oyunçu məşqlərdə penalti zərbələri ilə seçilib və baş məşqçinin diqqətini cəlb etməyi bacarıb.
Belə ki, Sautqeyt geridə qalan mövsüm ərzində futbolçuların çıxışını izləyib və onların penalti zərbələrinə diqqət edib. Hətta mütəxəssisin köməkçisi Stiv Holland ən yaxşı penalti yerinə yetirən oyunçuların siyahısını tərtib edib. Cədvələ əsasən, Markus Reşford, Ceydon Sanço və Bukayo Saka digərlərini qabaqlayıb.
Saka uğursuzluğundan sonra İngiltərə vətəndaşlarının çoxu tərəfindən dəstəklənib. Lakin millinin bəzi futbolçuları Sautqeytin yığmada cəmi 9 oyun keçirən gəncə penalti yerinə yetirmək şansı verməsinə təəccüblənib.
Bildirilir ki, Saka qol vursaydı, daha sonrakı penaltiləri ardıcıl olaraq Cek Qreliş, Cordan Pikford, Kalvin Filips yerinə yetirəcəkdi. Daha əvvəl isə Pikfordun 6-cı penaltini yerinə yetirəcəyi planlaşdırılsa da, Qriliş özü zərbə vurmaq istədiyini bildirib və sonradan siyahıda düzəliş edilib.