Qara köynəyinin ona uğur gətirdiyinə inanır
- 2021-07-06
Danimarka millisinin baş məşqçisi Kasper Hyulmand qara köynəyinin ona uğur gətirdiyinə inanır.
Xarici KİV-lərə əsasən, bu barədə 49 yaşlı mütəxəssis özü bildirib. O deyib ki, ötən il UEFA Millətlər Liqasında "Uembli"də İngiltərəyə 1:0 hesabı ilə qalib gəldikləri matçda geyindiyi qara köynək Avro-2020-nin yarımfinalında da yanında olacaq:
"İngiltərəyə qarşı matçda bu köynəyi geyinmişdim və 1:0 hesabı ilə qalib gəlmişdik. Daha sonra Rusiya və bu turirdə Uelslə görüşlərdə də qələbə qazandıq. Bundan sonra köynəyi çıxardım. Ancaq oyunçular mənə bu köynəyi gətirməyimi söylədilər. Çexiya ilə qarşılaşmada ağ rəngdə köynək geyindim və bəzi futbolçular təəccübləndilər. Ağ olmayan bir şey geyinməli idim, səbəb bu idi. Batil inanclara inanan biri deyiləm. Amma böyük ehtimalla "Uembli"yə qara köynəyimi aparacağam".
Qeyd edək ki, sabah keçiriləcək Danimarka - İngiltərə görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.