Eriksen karyerasını bərpa etməsi haqqında danışıb
- 2022-02-09
Yaxın günlərdə “Brentford”la müqavilə imzalayan Kristian Eriksen karyerasını bərpa etməsi qərarı barədə danışıb.
28 yaşlı yarımmüdafiəçi 12 iyun 2021-ci ildə Avro-2020 -də Danimarka və Finlandiya arasında keçirilən matçda (0:1) huşunu itirmişdi. O, “The Guardian”a açıqlamasında həmin vaxtları xatırlayıb və deyib: “Xəstəxanaya gedərkən mən həyat yoldaşım Sabrinaya karyeramı başa vura biləcəyimi söylədim. Amma iki gün sonra hər şey dəyişdi. Həmin gün və sonrakı günlərdə başıma gələnlərdən xəbərdar idim. Sonra sorğular, suallar yaranmağa başladı. Özümdən soruşurdum: Bacaracağam? Mən uğur qazanacağam?
Zaman keçdikcə sağalırdım. Tibbi müayinələrin nəticələri normal olsa, o zaman yavaş-yavaş futbola qayıda bilərdim. Çoxlu sınaq oldu. Ürəyimin fiziki məşqlərə necə reaksiya verdiyi yoxlanılırdı. Xoşbəxtlikdən heç bir şey görünmədi, hər şey yaxşı oldu. Hər ay yükü artırıb, sonra oynamağa başlaya bilərdim”.
Qeyd edək ki, Eriksenin iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin 1-ci tur oyunu zamanı ürəyi tutub. Bundan sonra təcrübəli yarımmüdafiəçinin ürəyinəə kardioverter-defibrillyator quraşdırılıb. O vaxtdan Eriksen rəsmi matçlarda hələ meydana çıxmayıb.