"SSKA" azarkeşlərdən və oyunçudan üzr istədi
Digər

"SSKA" azarkeşlərdən və oyunçudan üzr istədi

  • 2022-01-20

Dünən Yusuf Yazıcını "Lill"dən icarəyə götürdüyünü açıqlayan SSKA (Moskva, Rusiya) azarkeşlərdən və oyunçudan üzr istəyib. 

Buna klubun 25 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı sosial şəbəkədəki videotəqdimatı səbəb olub. Videoda əvvəlcə SSKA-nın Yusufa davamlı olaraq mesaj göndərdiyi, lakin oyunçunun cavab vermədiyi göstərilib. Bundan sonra isə SSKA "Yusuf, bura Rusiyadır. Burada çoxlu Nataşa var" - deyə ismarıc yollayıb. Yusufun bu mesaja "Yoldayam. 5 dəqiqəyə gəlirəm" - şəklində "cavabı" yayımlanıb. 

SSKA izləyicilərin sərt reaksiyasından sonra videonu sosial şəbəkə hesablarından silib. Klub belə bir videoya görə azarkeşlərdən və futbolçudan  üzr istəyib. Klubun televiziya redaktoru isə məsələni bu cür şərh edib: 

"Qısa müddətdə ssenari yazmalı idim və ağlıma bu gəldi. Belə yersiz, uğursuz və bir qədər təhqiredici videoya görə üzr istəyirəm. Mən şəxsən Yusufdən da üzr istəyirəm". 

Qeyd edək ki, Yusuf Yazıcı icarə əsasında mövsümün sonuna qədər SSKA-da oynayacaq. O, Türkiyə millisinin də üzvüdür.