Laporta Avropa Superliqası haqqında danışdı
- 2021-06-21
"Barselona"nın prezidenti Joan Laporta Avropa Superliqası haqqında danışıb.
58 yaşlı klub rəhbəri layihədən geri çəkilməyəcəklərini və UEFA-dan üzr istəməyəcəklərini deyib:
"Bu layihə hələ də keçərlidir. Mən israrlıyam. Hələ UEFA ilə danışıqlar aparmağa çalışırıq. Belə bir turnir təşkil etməyə çalışdığımız üçün üzr istəməyəcəyik. Mən prezident olduğum müddətdə öz taleyimizin ağası olmaq niyyətimizə görə UEFA-dan üzr istəməyəcəyik.
UEFA bizi cərimələr və ÇL-dən qovulmaqla hədələyib. Zaman bizim haqlı olduğumuzu sübut etdi. İntizam işini təxirə saldılar və gələn mövsüm Çempionlar Liqasında iştirak etməyimizə icazə verdilər. Biz bunu futbolu sevdiyimiz üçün etdik. Çünki futbol çətin vəziyyətdədir. Gənclər maraqlı oyunlara üstünlük verirlər. Lakin hazırda tamaşaçılar azalır. Buna görə də gəlirlər - pul da azalır. Biz Avropa Superliqasının dünyanın ən cəlbedici yarışı olmasını istəyirik. Bunu müzakirə etmək üçün UEFA-nı da dəvət edirik. İngiltərə klubları Superliqanın arxasında dayanan qüvvə idi. Lakin UEFA-nın təzyiqi altında qorxdular. Düşünürəm ki, indi UEFA-nın necə geri çəkildiyini görərək layihəni tərk etdiklərinə görə peşman olublar".
Qeyd edək ki, aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb.