Tottenhemin əfsanəsi dünyasını dəyişdi
- 2021-09-19
İngiltərə millisinin və Tottenhemin əfsanəvi sabiq hücumçusu Cimmi Qrivz vəfat edib.
Britaniya mətbuatının yaydığı məlumata əsasən, hücumçu ötən gecə 81 yaşında dünyasını dəyişib.
O, 1966-cı ildə yığmanın heyətində dünya çempionu olub və 1968-ci ildəki Avropa çempionatının bürünc mükafatçısıdır.
Qrivz, İngiltərə millisinin tərkibində 57 oyun keçirib və 44 qola imza atıb. Bu göstəriciyə görə, o, milli tarixində ən çox qol vuran futbolçular siyahısında 4-cü pillədədir.
Tottenhem klubunun forması ilə 379 oyuna çıxan Qrivz, şimali londonlular üçün 266 dəfə toru silkələyib. Bu rekordu klub tarixində Qrivzdən sonra heç kim yeniləməyib.
Hücumçu, həmçinin, Çelsidə çıxış etdiyi müddətdə 169 oyunda 132 dəfə fərqlənməyi bacarıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında bu gün keçiriləcək Tottehem-Çelsi qarşılaşmasında Cimmi Qrivzin xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.