Respublika Stadionunun vəziyyəti ilə bağlı açıqlama
- 2021-08-13
"Ot örtüyünün pis vəziyyətə düşməsinin ən böyük səbəblərindən biri isti hava şəraitidir. Özünüz də görürsünüz ki, anormal istilər keçir".
Bu fikirləri "Report"a açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev arenanın ot örtüyünün hazırkı vəziyyəti barədə danışarkən deyib.
O bildirib ki, meydançaya qulluq edən "Qarabağ" klubunun əməkdaşlarıdır: "Stadion rəhbərliyi ilə Ağdam təmsilçisi arasında 2015-ci ilin yanvarında bağlanmış müqaviləyə əsasən, oyun meydançası və ona aid olan sahələr - paltardəyişmə otaqları, media otaqları və s. klubun istifadəsindədir. İstər ot örtüyünə qulluq, istərsə də köməkçi hissələrin saz vəziyyətdə olması baxımından məsuliyyət onların üzərindədir. Yəni, bu hissələrin stadiona heç bir aidiyyatı yoxdur. Qalan hissələrə isə özümüz cavabdehlik daşıyırıq. Arena 2015-ci ildə "Qarabağ"a təhvil verilən zaman ot örtüyü ideal vəziyyətdə idi. Amma ondan sonra hər il yayda 2 ay (iyul, avqust) ərzində bu cür problemlər yaşanır".
Quliyev "Qarabağ"ın meydançaya pis qulluq etmədiyini söyləyib: "Vaxtı-vaxtında dərmanını, gübrəsini verirlər. Toxum səpilir. Yəni, lazımi qulluq edilir".
"Qarabağ"ın prezidenti Tahir Gözəlin stadionun drenaj sistemində problem olması və layihə qurularkən səhvə yol verilməsi ilə bağlı fikirlərinə də münasibət bildirən direktor bunların həqiqətəuyğun olmadığını vurğulayıb: "Layihə də düzgün qurulub, drenaj sistemləri də ideal səviyyədə işləyir. Bu cür drenaj sistemi bəlkə də yalnız Bakı Olimpiya Stadionunda ola bilər. O da ən son qurğulardan biridir. Azərbaycanda belə drenaj sistemi başqa yerdə yoxdur. Kim istəyirsə, gəlsin, suvarma sistemini qoşaq, görsünlər ki, necə işləyir. 3 dəqiqədən sonra elə olur ki. sanki su verilməyib. Hamısı axıb gedir. Drenaj onun üçündür ki, orada su qalıb, bataqlıq, gölməçə yaranmasın. Sizi əmin edirəm ki, otun yanmasının suvarma sistemi ilə heç bir əlaqəsi yoxdur. Tahir Gözəlin dediklərinin buraya heç bir aidiyyatı yoxdur".
Quliyev dövlət büdcəsindən hər il stadiona yüksək məbləğdə pul ayrılması ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Yazırlar ki, burada yeyinti var, pullar kiminsə cibini doldurur. Dövlət tərəfindən burada görülən işlərlə bağlı bir qəpik də pul ayrılmır. Dövlətin verdiyi vəsait yalnız əməkdaşların məvacibinin müəyyən hissəsinin ödənilməsinə gedir. Mərkəzi arena təsərrüfat hesablıdır. Özü özünü maliyyələşdirir. Günə 60-70 ton su işlədilir. Suvarma kompüter sistemi ilə aparılır. Respublikanın heç bir stadionunda ot örtüyünə bu qədər su işlədilmir. Bunu mən təmin edirəm. Hərə öz öhədliyini yerinə yetirməlidir".