"Mən də eynilə Messinin hisslərini yaşadım"
- 2021-08-09
Cek Qriliş, Aston Villadan getməsinin onun üçün çətin qərar olduğundan danışıb.
Yarımmüdafiəçinin sözlərinə görə, o, Messini çox yaxşı başa düşür, çünki hər ikisi uzun müddət oynadıqları doğma klublarından ayrılıblar:
"Bu çox çətin idi. Hamı bilir ki, mən mövsüm qabağı oyunlarda iştirak etmişdim, amma bilirdim ki, gedə bilərəm. Messinin necə hiss etdiyini dünən hamı gördü - eyni hissləri mən də yaşadım. Getməmişdən əvvəl komanda yoldaşlarımla və heyətlə sağollaşdım və gözlərim doldu. Hiss etdim ki, getmək zamanıdır. Mən həmişə deyirdim ki, Çempionlar Liqasında oynamaq istəyirəm. Siti potensialı böyük olan klubdur, onlar son 10 ildə ən uğurlu ingilis komandası kimi özlərini sübut ediblər. Bura gəlmək üçün doğru zamandır.
4 yaşımdan Villaya azərkeşlik edirəm, 6 yaşımda isə klubun üzvü olmuşam. Mənim bütün ailəm Villanın azərkeşidir. Lakin indi mən Sitinin oyunçusuyam və bütün fikrimi burada uğurlu olmağa yönləndirəcəm. Bura kubok qazanmaq üçün gəlmişəm".
Xatırladaq ki, 25 yaşlı Cek Qriliş, 100 milyon funt sterlinqə Aston Villadan Mançester Sitiyə keçərək İngiltərə futbol tarixinin ən bahalı futbolçusu oldu.