“Mançester Yunayted”in qapıçısı 20 il sonra arzusuna çatdı
- 2021-12-09
"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnikin Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Yanq Boyz"la matçda etdiyi qapıçı dəyişikliyi azarkeşlərin sevgisini qazanmasına səbəb olub.
Komandanın əsas qolkiperi David de Xeanı heyətə daxil etməyən Ranqnik start "11-lik"də Dean Endersona şans verib. Lakin mütəxəssis görüşün 68-ci dəqiqəsində ehtiyatdakı qapıçı Tom Heatonu yanına çağıraraq Hendersonu əvəzləyəcəyini və meydana onun çıxacağını bildirib. Bununla da Ranqnik 35 yaşlı qolkiperin xəyallarını reallaşdırıb.
Belə ki, Heaton təxminən 20 il əvvəl "qırmızı şeytanlar"ın aşağı yaş qruplarından ibarət komandalarında oynamağa başlayıb. Daha sonra o, əsas komandaya yüksəlsə də, 6 il müddətində "Old Trafford"da meydana çıxmaq şansı qazanmayıb və 2010-cu ildə "Mançester Yunayted"dən ayrılıb. Heaton 10 il müddətində "Kardif Siti", "Bernli", "Bristol Siti", "Aston Villa" kimi klublarda oynasa da, 2021-ci ilin yayında yenidən sevimli komandasına qayıdıb. Ötən gün "Yanq Boyz"la matçda isə baş məşqçi Ralf Ranqnikin sayəsində o, 20 il sonra arzusuna çatıb – "Old Trafford"da meydana daxil olub.
Ranqnik bu addımı ilə azarkeşlərin sevgisini qazanıb.
Qeyd edək ki, sözügedən oyun 1:1 hesabı ilə başa çatıb. "Mançester Yunayted" 11 xalla F qrupunun lideri kimi 1/8 finala adlayıb.