Ronaldo kubok matçında niyə oynamayıb?
- 2021-09-23
"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Solşer İngiltərə Liqa Kubokunun 1/16 finalında "Vest Hem"ə qarşı oyunda hücumçu Kriştiano Ronaldonu iştirak ərizəsinə niyə daxil etmədiyi haqda danışıb.
"Sky Sports"a istinadən, o, digər futbolçuların da oynaması üçün bu qərarı verdiyini deyib: "Ötən bazar matçdan əvvəl heyətdə dəyişiklik edəcəyimizə qərar verdik. Digər oyunçulara oyun praktikası verməli idik. Məsələn, Aleks Telles sağalmışdı, bir həftə məşq etmişdi. Qarşıda uzun bir mövsüm var.
Ronaldo kluba keçidindən sonra komandanın oyununa böyük təsir göstərdi. Mümkün qədər oynamaq istəyir, amma bunun mümkün olduğunu düşünmürəm. Mövsümün sonunda uğur qazanmaq üçün oyun dəqiqələrini futbolçular arasında bölüşdürməlisiniz. Çox sayda heyət dəyişikliyi riskdir, amma ümid edirəm ki, ritmimizi tapa biləcəyik".
Qeyd edək ki, "Mançester Yunayted" "Vest Hem"ə 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.